2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycanın qarşısında yeni mərhələ – işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi vəzifəsi dayanıb. Bu prosesin əsas simvolik məqamlarından biri isə Prezident İlham Əliyevin həmin ərazilərə ardıcıl səfərləri olub.Kanal17.org xəbər verir ki, 2020-ci ilin noyabrından etibarən Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun müxtəlif rayonlarına səfərləri intensiv xarakter alıb. Bu səfərlərin coğrafiyası da illər keçdikcə genişlənib. İlk mərhələdə əsasən hərbi əməliyyatlar zamanı azad edilmiş ərazilərə səfərlər həyata keçirilirdisə, sonrakı dövrdə Prezidentin proqramlarına şəhərlərin baş planlarının təqdimatı, yeni yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, yolların, hava limanlarının, sənaye parklarının və digər obyektlərin təməlqoyma və açılış mərasimləri daxil olub.
İlk ünvan – azad edilmiş ərazilərdə yeni mərhələnin başlanğıcı
İşğaldan azad edilmiş ərazilərə Prezidentin səfərlərinin ilk mərhələsi xüsusi simvolik məna daşıyıb. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycan tarixində dönüş nöqtələrindən biri olub. Həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək Şuşanın azad edildiyini elan edib və “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” mesajını verib. Rəsmi məlumatlarda da Şuşanın azad edilməsindən sonra Ermənistanın kapitulyasiya sənədini imzaladığı qeyd olunur. Bundan sonra dövlət başçısının azad edilmiş ərazilərə səfərləri artıq yalnız hərbi qələbənin nəticələrinin nümayiş etdirilməsi ilə məhdudlaşmayıb. Qarşıya yeni məqsəd dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, iqtisadi fəaliyyətin bərpası və insanların geri qayıtması qoyulub. Bu baxımdan, Prezidentin səfərlərinin coğrafiyası da faktiki olaraq Azərbaycanın Böyük Qayıdış xəritəsinin formalaşması ilə paralel genişlənib.
Şuşa – səfərlərin əsas simvolik ünvanı
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri arasında Şuşa xüsusi yer tutur. Şuşa azad edildikdən sonra şəhərdə müxtəlif istiqamətlər üzrə bərpa və yenidənqurma işlərinə başlanılıb. Prezidentin səfərləri zamanı şəhərin tarixi-mədəni irsinin bərpası, yeni infrastrukturun yaradılması, yaşayış məhəllələrinin qurulması və beynəlxalq tədbirlərin təşkili ilə bağlı layihələr təqdim olunub. Şuşanın sonrakı illərdə beynəlxalq tədbirlər məkanına çevrilməsi də diqqət çəkir.
Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı 2022-ci il aprelin 22-də Şuşada keçirilib.
2024-cü ildə isə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev həmin tədbirdə çıxış edərkən Şuşanın işğaldan azad edilməsinin Azərbaycan üçün tarixi əhəmiyyətini vurğulayıb. O, 2020-ci il müharibəsi zamanı 300-dən çox şəhər və kəndin azad edildiyini bildirib.
2025-ci ildə isə Şuşa və Xankəndi beynəlxalq media tədbirlərinin keçirildiyi məkanlardan birinə çevrilib. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş Xankəndidə keçirilib. Forumda 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndələrinin iştirak etdiyi bildirilib.
Beləliklə, Şuşanın Prezidentin səfər xəritəsindəki rolu da zamanla dəyişib: əvvəlcə azad edilmiş şəhər kimi diqqət mərkəzində olan Şuşa sonrakı mərhələdə bərpa, turizm, mədəniyyət və beynəlxalq tədbirlər şəhərinə çevrilib.
Füzuli – hava limanından Böyük Qayıdışa
Füzuli Prezidentin azad edilmiş ərazilərə səfərlərinin ən mühüm istiqamətlərindən biridir. Rayonun azad edilməsindən sonra burada əsas diqqət nəqliyyat və logistika infrastrukturunun qurulmasına yönəldilib. Füzuli Beynəlxalq Hava Limanının tikintisi də bu prosesin əsas layihələrindən biri olub. Füzulidə yeni yaşayış məhəllələrinin, sosial obyektlərin və avtomobil yollarının inşası ilə yanaşı, şəhərin yenidən qurulması prosesi də Prezidentin səfərləri zamanı təqdim olunub. Füzulinin seçilməsi təsadüfi deyil. Şəhər Qarabağın nəqliyyat bağlantıları baxımından mühüm mövqedə yerləşir və sonrakı mərhələdə Şuşa istiqamətində hərəkət üçün əsas qovşaqlardan birinə çevrilib.
Ağdam – dağıntıların içindən yeni şəhərə