“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin yeni televiziya mövsümünə köklü struktur dəyişiklikləri ilə başlamağa hazırlaşdığı haqda məlumatlar yayılıb.
Məlumatlara görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tabeliyində olan “Mədəniyyət TV” və “İdman TV”nin adlarının dəyişdirilərək AzTV brendi altında yenidən təşkil edilməsi, eyni zamanda bu brendlə yeni televiziya kanallarının yaradılması müzakirə olunur.
İctimai-siyasi və informasiya xarakterli proqramlardan ibarət “AzTV 1” kanalının; musiqi, əyləncə, mədəniyyət verilişlərindən və şou proqramlarından ibarət “AzTV 2” kanalının; milli-mədəni irsi, tarixi, tarixi-mədəni dəyərləri prioritet götürəcək “AzTV İrs” kanalının; idman sahəsi üzrə “AzTV Sport” kanalının və uşaqlar üçün “AzTV Uşaq” kanalının efirə çıxacağı iddia olunur.
Medianews.az saytının bu iddiaların nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək cəhdləri nəticə verməyib.
Yeni televiziya mövsümünün başlanmasına az qalıb. Televiziya mövsümü adətən sentyabrın ilk həftələrindən start götürür. Hər bir telekanal öz yeni verilişlərini və layihələrini bir qayda olaraq bu dövrdən efirə buraxır.
AzTV sovet dövründə - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Ölkənin ilk və ən qədim televiziya kanalıdır. 24 saat fasiləsiz yayılır, verilişləri yüksək təsvir keyfiyyətli formatda - HD formatında nümayiş etdirilir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tabeliyində idman kanalı rəsmən 2009-cu ilin fevralında fəaliyyətə başlayıb. Kanalın ilk adı “İdman Azərbaycan” olub. 2009-cu ilin yanvarından ilkin olaraq gündə 3 saatlıq sınaq rejimi ilə efirə çıxıb. Fevralın 1-də isə əsas yayımına başlayıb. 2013-cü ilin noyabrında 16:9 təsvir formatına, 2015-ci ilin oktyabrında 24 saatlıq fasiləsiz yayım rejiminə keçib. 2019-cu il sentyabrın 16-dan “İdman TV” adı ilə fəaliyyət göstərir. 2021-ci il mayın 31-dən HD formatında yayılır.
“Mədəniyyət TV” 2011-ci il fevralın 14-də yayıma başlayıb. 2014-cü ilin sentyabrında 16:9 təsvir formatlı yayıma keçib. 2018-ci il fevralın 14-dən sutkalıq (24 saatlıq) rejimdə işləyir. Kanalın əsas məqsədi Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və dilini təbliğ etmək, həmçinin dünya mədəniyyətinin incilərini ölkə əhalisinə çatdırmaqdır.
“Azərbaycan Radiosu” və “Beynəlxalq Radio” da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna daxildir.