Avqustun 13-də Baş Prokurorluq beynəlxalq axtarışda olan Ruslan Əli oğlu Əsgərovun Moldovada tutularaq Azərbaycana gətirildiyini bəyan edib. Məlumata görə, Ruslan Əsgərov ibtidai istintaqı Samux Rayon Prokurorluğunda aparılan cinayət işi üzrə sifarişlə qəsdən adam öldürməni təşkil etməkdə şübhəli bilinir. Barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunan Ruslan Əsgərov istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilibmiş.
Moldovanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun ekstradisiya ilə bağlı vəsatətini təmin edib, Ruslan Əsgərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Ruslan Əsgərovun adı keçən cinayət işi üzrə iki nəfər - Elvin Qardaşəli oğlu Mehdiyev və Tural Ərəstun oğlu Yusifov bir neçə ildir Azərbaycanda həbsdədir. Elvin Mehdiyev Ruslan Əsgərovun sifariş verdiyi qətli icra etməkdə, Tural Yusifov isə bu cinayətə kömək göstərməkdə təqsirli bilinib. İbtidai istintaqı Samux Rayon Prokurorluğunda aparılan işi üzrə mühakimə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib, Elvin Mehdiyevə 18 il, Tural Yusifova 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Elvin Mehdiyev Cinayət Məcəlləsinin 120.2.5 (sifarişlə adam öldürmə), Tural Yusifov 32.120.2.5 (sifarişlə adam öldürmədə iştirak) maddələri ilə təqsirli bilinib.
Qətlə yetirilən şəxs isə iş adamı Aytəkin Hüseynovdur.
Aytəkin Hüseynov uzun müddət Ukraynada yaşayıb, orada kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olub. 2020-ci ildə Azərbaycana köçüb, Samux rayonunun Sərkar kəndində məskunlaşıb.
Ruslan Əsgərov da uzun müddət Ukraynada yaşayıb. Məlumatlara görə, Aytəkin Hüseynov Azərbaycana köçəndən bir müddət sonra Ruslan Əsgərov Ukraynada yaşayan Elvin Mehdiyevə Hüseynovu öldürməyi sifariş verib. Əslən Saatlı rayonundan olan Elvin Mehdiyev Ruslanın sifarişi ilə Ukraynadan Azərbaycana yollanıb, burada Sərkar kəndinin sakini Tural Yusifovla əlaqəyə girib, onun köməyi ilə Samux rayonuna gəlib və Beşyol adlanan ərazidə Aytəkin Hüseynovu ürəyindən bıçaqlayıb öldürüb.
Ruslan Əsgərov 1981-ci il, Tural Yusifov 1989-cu il, Elvin Mehdiyev 1993-cü il təvəllüdlüdür.
Kanal17.org bildirir ki, Ruslan Əsgərov kriminal aləmdə “qanuni oğru” kimi tanınır. Onun adı 2021-ci ilin may ayında Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı, “qanuni oğru”lara qarşı sanksiyaları nəzərdə tutan fərmandakı siyahıda olub.
557 nəfərin adı olan həmin “qara siyahı” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının doqquz ay ərzində apardığı təhqiqatın yekunları əsasında hazırlanıb. Həmin vaxt Ukraynada rəsmən bəyan edilib ki, siyahıya ən tanınmış cinayətkarların adı salınıb. Siyahıdakı şəxslərin əksəri Ukraynanın yox, başqa ölkələrin vətəndaşı olub. Ruslan Əsgərov siyahıda Gürcüstan vətəndaşı kimi qeyd edilib.
Zelenski sanksiyaları təsdiqləyəndən sonra ölkədə adı siyahıda keçən “qanuni oğrular”a qarşı əməliyyatlar başlayıb.
İyun ayında Ukrayna polisi Luqansk vilayətində Ruslan Əsgərovu iki nəfərlə birgə həbs edib. O zaman polis Dövlət Miqrasiya Xidməti ilə birlikdə onların öz vətənlərinə məcburi qaytarılması məsələsinə baxılacağı haqda məlumat yayıb. Ruslan Əsgərovun adı Gürcüstan vətəndaşı kimi keçdiyinə görə bu hadisə ilə bağlı Ukrayna mediasında yayılan xəbərlərdə söhbətin Gürcüstana deportasiyadan getdiyi qeyd olunub. Lakin onun Ukraynada məhkəmədə baxılan bir iş üzrə də təqsirləndirildiyi də bildirilib və vurğulanıb ki, bu səbəbdən Ruslanın Gürcüstana deportasiyası yalnız məhkəmə qərarından sonra mümkün ola bilər.//medianevs