Kaskasız, təhlükəsizlik kəməri olmadan işləyən fəhlələr...


Hər il istehsalatda baş verən qəzalar zamanı həyatını və ya iş qabiliyyətini ömürlük itirən yüzlərlə insan olur. Məhz buna görə bütün dünyada istehsalatda çalışanların, xüsusən də tikintidə çalışanların təhlükəsizliyinə, geyimlərinə, başlarında dəbilqə olmasına xüsusi diqqət yetirilir.

Azərbaycandan fərqli olaraq digər ölkələrdə xüsusi iş geyimi və dəmir dəbilqəsi olmayan birinin tikintidə işlədiyini görə bilməzsiniz. Həyati təhlükəsizlik üçün bu geyimi elə işçilərin özləri tələb edir. Təəssüf ki, Azərbaycanda buna bir elə əhəmiyyət verilmir. Diqqət etsək görərik ki, hətta yüksək mərtəbəli binaların tikintisində belə usta və ya fəhlə yüksək mərtəbədə işini görür, ancaq əynində xüsusi geyimi və başında dəbilqəsi yoxdur.

Bir sıra fəhlələr əmək müqaviləsi bağlanmadan işə götürüldüyü üçün tikinti şirkətləri onları bu geyimlə təmin etmir və insan sağlamlığına biganə yanaşırlar. Çox az halda görə bilərik ki, fəhlələr kaska, təhlükəsizlik kəməri və digər geyimlərlə təmin olunur. Məhz bunun nəticəsidir ki, hər il bu cür iş qəzaları zamanı yüzlərlə insan həyatını itirir və ya əlil qalır. Bu cür bədbəxt hadisələrin sayı isə ildən-ilə artır. Məsələn, 2016-cı il iyulun 1-nə olan məlumata görə, istehsalatda bədbəxt hadisə zamanı 106 nəfər xəsarət alıb, 57 nəfər dünyasını dəyişib. Bədbəxt hadisələrin 5-i qrup halında baş verib.

Çox zaman istehsalat zamanı qəza keçirən və ya peşə xəstəliyinə tutulan şəxslər bədbəxt hadisə nəticəsində xəsarət alan zaman hara və kimə müraciət edəcəklərini, haqlarını necə tələb edəcəklərini bilmirlər. Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bu cür hallar baş verərsə, bütün məsuliyyətin işə götürənin üzərinə düşdüyünü dedi:

“İstehsalatda bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə, bunun səbəbindən insan peşə qabiliyyətini qısamüddətli, uzunmüddətli və ya birdəfəlik itirirsə, yaxud da bu səbəbdən həlak olursa, buna görə məsuliyyət işə götürənin üzərinə düşür. Bu məsuliyyətin həddi var. Bu inzibati məsuliyyətdən tutmuş, cinayət məsuliyyətinə qədər ola bilər. Eyni zamanda 2011-ci ildən sonra istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarında icbari sığorta haqqında qanuna görə işə götürən öz işçiləri qarşısındakı məsuliyyətini sığortalamalıdır. Biz ötən il monitorinq keçirib gördük ki, bu sığortalanma halı çox zəifdir. Hətta əmək kontraktları olan yerlərdə belə bu, tam əhatə olunmayıb.

Bütün istehsalat sahələri 14 risk qrupuna bölünüb. Ən riskli və ən az riskli. Ona uyğun olaraq işçilər sığortalanmalıdır və bədbəxt hadisə, peşə xəstəliyi baş verdikdə, bu səbəbdən insan həlak olduqda birdəfəlik, aylıq kompensasiya ödənilməli və müalicə xərcləri verilməlidir. Əgər işə götürənlə işçi arasında əmək müqaviləsi varsa və işə götürən işçini sığortalamayıbsa belə, o zaman öz əmək haqqı fondundan zəhmət çəkib xərcləri ödəməlidir. Amma işə götürənlə işçi arasında əmək müqaviləsi yoxdursa, burada artıq sübuta yetirmə məsələsi ortaya çıxır. Belə olan halda xəsarət alan işçi və ya iş zamanı həlak olan şəxsin vərəsəsi üç məsələni sübut etməlidir. Bir, işçi həmin iş yerində doğrudan da işləyib, ikincisi, işçi həmin yerdə xəsarət alıb və ya peşə xəstəliyinə tutulub, üçüncüsü isə işçinin əmək haqqı nə qədər olub. Bu məsələləri məhkəmə yolu ilə sübuta yetirə bilərlərsə, əmək müqaviləsinin olub-olmamasından asılı olmayaraq işə götürən məsuliyyət daşıyır”.
{paylas}