Xezerxeber.az-ın məlumatına görə, hərbi ekspert Ədalət Verdiyev bölmələrimizin ötən gün Kəlbəcər ərazisində zərərsizləşdirdikləri pualarla bağlı şərhində belə deyib.
O bildirib ki, sözügedən PUA-lar kifayət qədər zəif və primitiv struktura malikdir - heç bir avtopilot rejiminə və radioelektron maneələrə qarşı xüsusiyyətlərə sahib deyil. Nöqtə atışlarını icra etmək üçün bu PUA-lar uyğun sistemlərlə təchiz olunmur. Nəticə etibarilə Azərbaycan Ordusunun döyüş potensialına ciddi təsir etmək gücündə deyil.
Bu arada, ordumuzun bölmələrinə qarşı 10 mayda başladılan və hələ də davam edən təxribatla ilə bağlı "caliber.az" yeni məlumat paylaşıb.
Yayılan videoda erməni silahlı qüvvələrinin hücum və kəşfiyyat PUA-larını idarə etmək üçün mərkəz kimi mülki avtomobildən istifadə etdiyi görünür. Eynilə müharibə zamanı erməni tərəfi uşaq bağçasının ərazisindən əməliyyat görüşləri, təcili yardım maşınından isə hərbi məqsədlər üçün istifadə edirdi. Sözügedən avtomobil erməni təxribatına ordumuzun cavab zərbəsi nəticəsində 12 mayda məhv edilib. Həmin maşının dağılma anı zamanı onun yanında mülki geyimli şəxs olub. Görüntülərdən aydın olur ki, qara gödəkçəli şəxs vurulan avtomobildən sürünərək uzaqlaşmağa çalışır. Partlayış yerindən çaxnaşma içində qaçan iki uniformalı erməni əsgərindən fərqli olaraq, qara gödəkçəli şəxs peşəkar təmkin və bacarıq nümayiş etdirir - NATO standartlarına uyğun yüksək hazırlıq hiss etmək olar.
"Caliber" öz mənbələrinə istinadla bildirir ki, söhbət erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçıdan gedir. Üstəlik, NATO hazırlığı olan bu cür "mülki" mütəxəssislərin görünən bu fəaliyyəti yeganə hal deyil, oxşar siqnallar şərti sərhədin digər hissələrindən də alınıb.
Zərərsizləşdirilən PUA-nın qalıqları Azərbatcan Müdafiə Nazirliyi tərəfindən ölkəmizdə akreditasiya olunan səfirliklərin hərbi attaşelərinə təqdim olunub.