Şəkəraliyev İbrahim bildirir ki, dəfələrlə aidiyyəti şəxslərə müraciət etsə də, onların problemləri ilə maraqlanan olmayıb. Onun iddiasına görə, ərazi nümayəndəsi Emin adlı şəxs Ağdərə rayonunda fəaliyyət göstərsə də, edilən çoxsaylı müraciətlərə baxmayaraq Həsənriz kəndinə gəlib vəziyyətlə yerində tanış olmur. Bu isə vətəndaşlarda haqlı narazılıq yaradır.Müraciətdə daha bir ciddi iddia səsləndirilir. Vətəndaşın sözlərinə görə, həmin təmir və tikinti işləri tenderin qalibi olmuş PROFORM şirkəti tərəfindən həyata keçirilib. Lakin görülən işlərin keyfiyyəti o qədər aşağıdır ki, qüsurlar adi baxışla belə açıq-aşkar görünür. Bəs görəsən dövlət vəsaiti hesabına görülən işlərin keyfiyyətinə kim nəzarət edib? Hazır evlər hansı komissiya tərəfindən qəbul olunub? Keyfiyyətsiz tikintiyə görə məsuliyyət daşıyanlar niyə indiyədək cavab verməyiblər? Ən düşündürücü məqam isə budur ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların layiqli şəraitdə yaşaması üçün milyardlarla manat vəsait ayrıldığını, bu prosesin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu dəfələrlə bəyan edib. Lakin bəzi yerli məsul şəxslərin səhlənkarlığı və nəzarətsizliyi nəticəsində dövlət başçısının həyata keçirdiyi bu böyük sosial layihələrin kölgə altına düşməsi ciddi narahatlıq doğurur.
Məcburi köçkün ailələri illərlə doğma yurdlarına qayıdacaqları günü gözləyiblər. Onların qarşısına keyfiyyətsiz tikilmiş, nəmişlik içində olan, yaşayış üçün yararsız evlərin çıxarılması nə dövlətin məqsədinə, nə də vətəndaş məmnuniyyətinə xidmət edir.Şəkəraliyev İbrahim Prezident İlham Əliyevə müraciət edərək problemin araşdırılmasını, evdəki qüsurların aradan qaldırılmasını və ailəsinin normal yaşayış şəraiti ilə təmin olunmasına göstəriş verməsini xahiş edir.
Mediatvaz.com qarşı tərəfin – aidiyyəti dövlət qurumlarının, yerli nümayəndəliyin və PROFORM şirkətinin mövqeyini dərc etməyə hazırdır.