
Bu proses nəyə görə istifadəyə yararsız avtobuslara da şamil olunmur?
Kanal17.org xəbər verir ki,məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında danışıb.
"Utilizasiya prosesi bütün nəqliyyat növlərinə aiddir. Buraya yük, minik vasitələri və sərnişin daşıma üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri daxildir. Rəsmi rəqəmlərə görə, Bakı şəhərində 400 avtobus təmamilə istifadəyə yararsız vəziyyətdədir. Həmin avtobuslar da mütləq şəkildə utilizasiyaya cəlb olunmalıdır. Bunun üçün isə onları əvəz edəcək yeni avtobusların alınmasına ehtiyac var. Bu gün elektrik və yaxud dizel avtobuslarının alınması ilə bağlı müzakirələr davam edir. Yekun nəticəyə gəldikdə və dövlət tərəfindən də bu vəsait ayrıldıqda, yararsız vəziyyətdə olan avtobusları istismardan yığışdırmaq mümkün olacaq".
Ekspert bildirib ki, sahibkarlar üçün subsidiyaların ayrılması da bu problemin həllində əsas addımlardan biri ola bilər. Bu halda sahibkarlar özləri də yeni və komfortlu avtobusların alınmasına maraq göstərəcəklər.
"Bu məsələyə güclü nəzarət lazımdır. Bəzi daşıyıcılar istismara yararsız avtobusların paytaxtda fəaliyyətini dayandıraraq rayonlarda istifadə üçün satır. Nəticədə, təhlükə buradan rayona doğru ayaq açır. Ümumiyyətlə, həmin avtobusları birbaşa "metallom"a vermək lazımdır".
Elməddin Muradlı son olaraq vurğulayıb ki, bütün digər nəqliyyat vasitələri kimi avtobusların da istismar müddəti 7, 10, 12 il olmaqla qruplaşdırıla bilər. Hətta 2015-ci ildə ilk dəfə Azərbaycana gətirilən "Baku Bus" tipli avtobusların belə istifadə müddəti artıq bitib. Buna görə də bir çoxu xəttə buraxılmır.