Müəllim adı,müəllim şərəfi

Cəmiyyətin ziyası, zülmətin nuru, elm adlı sonsuzluğun bələdçisi olan müəllim.

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”
Heydər Əliyev


De hansı sənətdən söhbət açım mən,
Müəllim adı tək şərəfli olsun.
De hansı xilqətdən söhbət açım mən,
Müəllim adı tək dəyərli olsun.


Müəllim-bu ad hər birimiz üçün doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq.
Müəllimlər cəmiyyətin memarlarıdır desəm, yəqin ki, səhv etmərəm. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.
Müəllim-cəmiyyətin ziyası, zülmətin nuru, Elm adlı sonsuzluğun bələdçisidir...
Hər bir uşaq üçün məktəbə, sinif otağına qədəm basdığı ilk gündən müəllim onun üçün yalnlz elmin sirlərini açan yox, şagirdlədrin saf mənəviyyatlarına, hisslər, duyğular aləminə yeni-yeni lövhələr, nur və sevinc gətirən bir insandır.
Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir.
Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
Müəllim əməyi heç nə ilə ölçüyə gələ bilməyəcək qədər dəyərlidir.




Müəllim! Bu ad şərəfli olduğu kimi bir o qədər də keşməkeşli, çətindir. Nəyə görə çətindir? Çünki hər insan yüksək elmi təfəkkürə sahib ola bilər, ancaq o elminin nurundan minlərlə insanın yoluna şölə sala bilməz. Hər insan öz övladını sevir, ancaq hər insan o sevgidən minlərlə körpəyə pay verməyi bacarmaz. Bax bunları bacaranlar müəllim adının daşıyıcılarına çevrilir. İllərini gələcək nəsillərin düzgün istiqamətləndirilməsinə, savadlı gəncliyin yetişdirilməsinə həsr etmək həqiqətən də çox çətindir. Ancaq müəllim bu çətinliklərə sinə gərərək çıxdığı müqəddəs yolu inamla, yorulub usanmadan addımlayır. Bütün bu çətinliklərdən isə ona ancaq şərəfli adı qalır. Bu şərəfli adın layiqli daşıyıcılarının biri də Sabunçu rayon 170 saylı orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Qasımovadır. O, Qarabağımızın gözəl, dilbər, səfalı guşələrindən biri olan Cəbrayıl rayonunda ziyalı ailəsində anadan olub. 1990-cı ildə orta məktəbi bitirib, elə həmin il ali məktəbə daxil olmuş, yüksək nailiyyətlərlə ali məktəbi bitirmişdir. 2001-ci ildən müəllimlik fəaliyətinə başlamış, və hazırda ibtidai sinif müəllimi kimi körpə fidanlara dərs deyir, elmin sirlərini aşılayır.
2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda 44 günlük müharibədə dəmir yumruq kimi birləşən xalqımızın sıralarında olan bir qəhrəman da elə Vüsalə Qasımovadır. Vüsalə müəllimə olduqca vətənpərvər ziyalılardandır. O deyir: “bu günlər ərzində mən heç zaman bu qədər öz peşəmlə fəxr etməmişdim. Çünki o sıldırım qayalara sinəsini sipər edən, əliyalın qalxan igidləri Azərbaycan məktəbi və müəllimi yetişdirib”.
Döyüşən, yaralanan əsgər analarının şəhid ailələrinin daim yanında olan, dərdlərinə şərik olan Vüsalə müəllimə şagirdlərini də həmin ailələri ziyarət etmək üçün aparmış, həmin ailələri yaxından tanıtmış və az da olsa onlara təsəlli vermişdir. Hər şəhid və qazi ailələrini ziyarət etdiyi gün tədbir haqqında və tədbir iştirakçılarının çıxışları barədə maarifləndirmə apararaq sosial şəbəkələrdə paylaşımlar etmişdir.
Bir müəllim kimi Vüsalə müəllimənin vətənpərvərlik ruhunda gördüyü işlər təkcə təşkil etdiyi tədbirlərlə, keçdiyi dərslərlə məhdudlaşmır.Qarabağ torpağının igid bir qızı kimi qarşısına məqsəd qoyan Vüsalə müəllimə müharibədən əziyyət çəkən insanlara maddi və mənəvi dəstək olmaqla bərabər onları daim diqqət mərkəzində saxlamağa da nail olub. Bütün bu görüşləri, tədbirləri keçirdikcə hamısını qeydə alır, yazdıqlarını üst-üstə qalaqlayaraq , toplayaraq bu barədə kitab yazmağa da qərar verir. Düşüncələrində qurduğu xəyalı reallaşdıraraq 2023-cü il mayın 26-da “Zirvənin sahibləri” adlı nəfis tərtibatlı kitabı işıq üzü görür. On dörd şəhid və bir qaziyə həsr olunan bu kitab Vüsalə müəllimənin qürurunu ən yüksək zirvədə dalğalandırır. 2023-cü il mayın 27-də C.Cabbarlı adına Gənclər evində kitabın təqdimatını da keçirərək şəhid ailələrini, müəllim heyətini və bir çox ziyalını da təqdimata dəvət edir.
Vüsalə müəllimə hesab edir ki, nümunəvi təhsillə bərabər uşaqlara vətənpərvərlik, sağlam fikir, Vətənə, bayrağa, torpağa da sevgi aşılanmalıdır: “Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması biz müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bizim məqsədimiz uşaqlara təhsil, elm verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır”.
Vüsalə müəllimə olduqca vətənpərvərdir. Qarabağ torpağında böyüdüyü üçün elə bir gün yoxdur ki, Vətən, Qarabağ sözünü işlətməsin. Daim çıxışlarında vətənpərvərlik mövzularını, əlamətdar günlərin çalarlarını öz yazılarında, çıxışlarında nümayiş etdirən, yorulmadan elmin qapılarını şagirdlərin üzünə açan bir insandır Vüsalə müəllimə.
Bir ömür düşünün, ömründən ömürlərə pay verən.
Bir can düşünün canından, ürəyindən, ruhundan,
gözlərinin nurundan, beyninin ən parlaq biliklərindən,
zaman-zaman titrəkləşən səsindən, isti nəfəsindən,
tükənməz səbrindən, nəvazişindən illər boyu yorulmadan,
usanmadan, heç bir təmənna güdmədən ehsan verən.
Əlbəttə ki, bu, müəllim ömrüdür. Bütün cəmiyyəti formalaşdıran, var edən müəllim.
Müəllim dünyanın ən müqəddəs xilqətidir. Bu müqəddəsliyin qarşısında ən məğrur başlar əyilib. Müəllim ömrü damcı-damcı yanan şama bənzəyir. O, günbəgün, saatbasaat yandıqca yüzlərcə qəlbdə bilik, savad şamı yandırır. Bəli, müəllimlik çox şərəfli həm də çox çətin peşədir. Əsl müəllim çətinliklərdən qorxmaz, daim yeniliyə tərəqqiyə can atar. Müasir dövr müəllim qarşısında daha ciddi tələblər qoyur. Vüsalə müəllimə deyir ki: “Biz müəllimlər harda yaşamağımızdan, hansı şəraitdə dərs keçməyimizdən asılı olmayaraq daim axtarışda olmalı, şagirdlərimizə elmin sirlərini müasir tələblər səviyyəsində öyrətmək üçün əlimizdən gələni əsirgəməməliyik. Mən şagirdlərimlə fəxr edirəm, qürur duyuram və söz verirəm ki, onların Azərbaycanımıza layiq elmli, savadlı, gözəl əxlaqlı , vətənpərvər gənclər kimi yetişmələri üçün əlimdən gələni əsirgəməyəcəyəm”.



Müəllimlik müqəddəsdir, peşələrin alisidir. Bu müqəddəsliyin hər an mükəmməl daşıyıcısı olmaq böyük hünərdir. Vüsalə müəllimə bu ağır yükü zərif çiyinlərində layiqincə daşımağı bacarır. Çünki, təkcə şagirdlərini deyil, valideynləri, öz həmkarlarını və eləcə də, ünsiyyətdə olan hər kəsi heyran edən səmimiyyətə malikdir. Qibtə doğuran təmkinə sahibdir. Şərq qadınlarına məxsus ağır, sanballı, davranışı sakit danışığı ilə, yaddaqalandır.
Öz yetirmələrinin savadlı, dərin düşüncəli, geniş dünyagörüşlü, humanist insan kimi yetişməsinə bütün varlığı ilə çalışan, indi onların hər birinin qəlbində bir ülvilik mücəssəməsinə dönüb, bu yurda səpələnən Vüsalə Qasımovaya şəxsi həyatında möhkəm cansağlığı və sevimli peşəsində daim yorulmazlıq arzulayıram. Ömrünüzdə sevinc işıqları çox olsun deyirəm, əziz müəllimə. Siz bütün varlığınızla, ruhunuzla vətəninizə, məktəbə, təhsilə, peşənizə bağlı insansınız.
Görkəmli şəxsiyyət İ.Höte sizin kimi insanlar haqqında belə demişdir: “Sənin ürəyin, əqlin narahatdırsa, daha sənə nə lazımdır?” Sizə çətin və məhsuliyyətli işinizdə yeni-yeni uğurlar arzulayıram. Arzu edirəm ki, Sizin kimi təhsil fədailərimiz dövlətimizin diqqətindən kənarda qalmasınlar. Bəşəri və müqəddəs yolda yorulmayın. Zərifliyiniz, səmimiyyət və peşəkarlığınız ən xoş sözlərə layiqdir. Elm və tədris yoluna saldığınız işıqlar öləziməsin. Peşə əxlaqınız, mənəvi ucalığınız və sevgi dolu qəlbinizə min alqış...

Bilmirəm mən səni kimə bənzədim,
Bənzərin heç yerdə yoxdur, müəllim!
Haqqında danışsam, bitməz sözlərim,
Ən uca zirvədir yerin, müəllim!

Oxuyub yazmağı səndən öyrəndim,
Sözü sözə qoşub cümlə düzəltdim,
Haqqında nə yazdım təhlil eylədim,
Hər dəfə mübtəda oldun, müəllim!
Qocalmaz heç zaman adın MÜƏLLİM!

Ziyalı olmasa, kor olar millət,
Caynaqlar altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət,
Bütün peşələrin gözüdür Müəllim!!!










Nisə İbrahimova,Qızıl qələm mükafatı laureatı
{paylas}