Son illərdə kişilər arasında estetik əməliyyatlara maraq xeyli artıb. Sosial media, peşəkar görünüşün önəmi və özünə inamın yüksəldilməsi kimi faktorlar kişiləri belə əməliyyatlara yönəldir. Eyni zamanda, cəmiyyətdə estetik və bədən baxımı anlayışının dəyişməsi bu tendensiyanı sürətləndirir.
Tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Demokrat.az-a açıqlamasında deyib ki, bizdə milli düşüncə tərzi var:
“Belə bir söz deyirlər ki, kişi qadın kimi bəzənməməlidir, kişi qadın kimi filan eləməməlidir. Amma bir şeyi unudurlar ki, qadın var ki, kişidən də qeyrətlidir, qadın var ki, kişinin eləyə bilmədiyi döyüşlərdə, müharibədə görmədiyi işləri edir. Qadın var ki, kişi müharibədə qaçıb gizlənən vaxtı gedir müharibədə döyüşlərdə iştirak eləyir. Bunları heç yadlarına salmırlar, amma elə-belə mənasız-mənasız bəzi söhbətləri edə bilirlər. Bəzən kişilər də qadınlar kimi müəyyən fikirlərə dalırlar. Düzdür, qadın adətən gözəlliyə daha çox fikir verən insandır. Amma kişilərdə çox vaxt həmişə bir stereotip var idi bizdə ki, kişidən ətir iyi gəlməz, kişinin üstündən tər iyi gəlməlidir. Yəni belə vulqar yanaşmalar var idi. Düzgün yanaşmalar deyildi. İnsandır, insandan həmişə xoş bir ətir iyi də gəlməlidir, insan daim öz gigiyenasına da fikir verməlidir, insan yüksək səviyyədə özünün xarici görkəminə, ətrafda insanların buna necə baxa biləcəyini nəzərə alıb özünü normal formada aparmağı bacarmalıdır və eləməlidir. Yəni bu müasir dünyanın bir tələbidir. Bəzi hallarda görürsən, bəzi insanlar müəyyən orqanlarında, bədənində hardasa, ən çox rast gəldiyimiz burun əməliyyatlarıdır. Burun bədənə uyğun gəlməyən və yaxud da insanda çox böyük kompleks yaradan formalar olur. Həmin o kompleks yaradan formalar olanda istəyirlər ki, onu normal bir şəklə salsınlar. Əslində onun normal bir şəklə salınmasında qeyri-adi heç bir şey yoxdur”.
O bildirib ki, insana qiyməti ancaq onun xarici görkəminə görə yox, onun bütün tərəflərini nəzərə almaqla vermək olar:
“Bəzən cinsiyyət dəyişdirmələri, müəyyən plastik əməliyyatlar var ki mən də elə şeylərə pis baxıram. Əslində, bir həkim olaraq o insanlarla, bəziləri ilə kontaktda olmuşuq. Onlar normal insanlar deyil, əsəb sistemində problemi olan insanlardır. Onların yoxlasanız, 90 faizinin əsəb sistemi ilə bağlı problemləri var. Ona görə də onlar daha dərin plastik əməliyyatlara gedib çıxa bilirlər. Başqa ölkələrdə deyirlər ki, həmin insanların müdafiə komitələri var, onları müdafiə edən insanlar var. Bir insan kimi bütün insanların müdafiəyə ehtiyacı var, bütün insanlar müdafiə olunmalıdır. Yəni o həşərat deyil ki, onu tapdalayıb keçmək olmaz. Əgər o varsa, sənin kimi fəaliyyət göstərirsə, sənin kimi gedib haradasa işləyirsə, amma onun müəyyən hərəkətləri sənin xoşuna gəlmirsə, bu o demək deyil ki, sən onu hansısa xüsusiyyətinə görə vurub öldürməlisən və yaxud da cəmiyyətdən çıxdaş etməlisən”.