Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin ərazisində aparılan tikinti işləri ciddi narazılıq və suallar yaradıb. Sakinlərin iddiasına görə, parkın daxilində həyata keçirilən tikinti zamanı yaşıllıqlara zərər vurulur, insanların istirahəti üçün nəzərdə tutulmuş ərazi faktiki olaraq betonlaşmaya məruz qalır.Ən diqqətçəkən məqamlardan biri isə odur ki, tikinti sahəsində qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi yoxdur. Tikintinin kim tərəfindən, hansı icazə sənədi əsasında və hansı məqsədlə aparıldığı barədə ictimaiyyətə heç bir məlumat verilmir. Halbuki Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, hər bir tikinti obyektində məlumat lövhəsinin yerləşdirilməsi məcburidir.Bununla yanaşı, ərazidə təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğu müşahidə edilir. Tikinti zonasının ətrafı qoruyucu vasitələrlə bağlanmayıb, xəbərdarlıq nişanları qoyulmayıb. Halbuki həmin ərazidə hər gün yüzlərlə insan, uşaqlar və avtomobillər hərəkət edir. İstənilən an bədbəxt hadisənin baş verməsi mümkündür. Sakinlərin Mediatvaz.com-a bildirdiklərinə görə, tikinti işləri ilə əlaqədar olaraq “İpək yolu” MMC-nin rəhbəri Qəzənfər Niftaliyevin adı hallandırılır. İddialara görə, Qəzənfər Niftaliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun yaxın qohumudur. Bu isə cəmiyyətdə “himayədarlıq”, “toxunulmazlıq” və qanunların selektiv tətbiqi ilə bağlı əlavə suallar yaradır.“İpək Yolu” MMC-də baş verdiyi iddia olunan qalmaqalla bağlı məlumat təqdim edəcəyik. Xatırladaq ki,“İpək yolu” MMC-nin direktoru Qəzənfər Niftəliyev , 50 nəfərdən çox işçinin çalışdığı istehsalat müəssisəsində 2018–2022-ci illər ərzində 228 min 277 manat məbləğində pul vəsaitinin mənimsənilməsi iddiası ilə gündəmə gəlmişdi.Əgər doğrudan da park ərazisində qanunsuz tikinti aparılırsa, bəs niyə aidiyyəti qurumlar susur? Abşeron Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu vəziyyətə niyə reaksiya vermir?
Yaşıllıqların məhv edilməsi, təhlükəsizlik qaydalarının pozulması və park ərazisinin zəbt olunması cəmiyyət üçün təhlükəli presedent hesab olunur. Əgər bu iddialar doğrudursa, aidiyyəti qurumlar məsələni dərhal araşdırmalı, tikintinin hüquqi əsaslarını ictimaiyyətə açıqlamalıdır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//mediatvaz.com



