Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub?

İnfluenser İlduzə Hacıyevanın törətdiyi ölümlə nəticələnən qəzadan sonra baş verənlər ölkə gündəmini zəbt edib. Hadisə yerindən qaçmaqda təqsirləndirilən "Arzum" ləqəbli influenserin həbsi müzakirə olunduğu vaxtda qəzada dünyasını dəyişən Amal Məlikovla bağlı yeni iddialar ortaya atılıb. Sosial şəbəkələrdə mərhumun vaxtilə narkotik ittihamı ilə mühakimə olunduğunu əks etdirən məhkəmə sənədləri yayılıb. Bu səbəbdən onun hadisə vaxtı da narkotik və ya spirtli içkinin təsiri altında ola biləcəyi şübhələri yaranıb.

Məsələ ictimaiyyətdə ciddi rezonans doğurduğundan hadisənin real təfərrüatlarını öyrənmək üçün məhkəmə-tibbi ekspertizasının rəyinə nəzər salmaq zərurəti meydana çıxıb. Çünki qəza zamanı tərəflərin vəziyyətini sübut edən ən etibarlı sənəd məhz ekspertiza rəyidir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin çıxardığı rəsmi qərara görə yayılan iddialar tamamilə əsassızdır. Məhkəmə-kimya tədqiqatının nəticələri göstərir ki, həyatını itirən Amal Məlikovun qanında hər hansı spirtli içki, narkotik vasitə və ya güclü təsirə malik maddə aşkar olunmayıb. Sənəddə bu fakt dəqiq və aydın şəkildə öz əksini tapıb.

Məhkəmə prosesində hakimlər qərar çıxararkən sosial şəbəkələrdəki müzakirələrə və ya emosional yanaşmalara deyil, məhz bu cür rəsmi sübutlara, ekspertiza nəticələrinə əsaslanırlar. Prosesin növbəti mərhələlərində tərəflərin qərardan apellyasiya şikayəti vermək hüququ da qüvvədə qalır. Hadisə ilə bağlı araşdırmaların necə yekunlaşacağı isə yaxın günlərdə bəlli olacaq. (qafqazinfo)
{paylas}