“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu


12 milyon manatlıq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Kanal17.orgbildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş iş adamı Tale Heydərovun ifadəsi elan edilib.

Heydərov məhkəmələrdə iştirak etməyib, nümayəndəsi onun hazırda ölkə xaricində olduğunu bildirib. Hakim işin uzadılmaması üçün zərərçəkmişin prokurorluqda verdiyi ifadəsini elan edib.

Tale Heydərov müstəntiqə deyib ki, təqsirləndirilən şəxsi qardaşı Nicat Heydərov vasitəsilə tanıyıb. Onların arasındakı hazırkı çəkişmə isə “AzeriSteel Company” ASC nin səhmlərinin alınması ilə bağlı olub. Heydərovun sözlərinə görə, qardaşı ilə birgə İntiqam Səfərəliyev və Abid Mamedovun hesabına (hazırda axtarışdadır - red.) 16 milyon manat pul köçürüblər. Amma səhmlərin alınması baş tutmayıb. Belə ki, qarşı tərəf pulları mənimsəyib. O, şikayətçi olduğunu, pulunun ödənilməsini tələb etdiyini bildirib.

Vaxt məhdudiyyətindən zərərçəkmişin ifadəsi ilə bağlı sorğu-sual növbəti iclasa saxlanılıb.
{paylas}