Estetik əməliyyatlarda səhlənkarlıq: Klinikalar hansı hallarda məsuliyyət daşıyır?


Estetik əməliyyatlar və digər tibbi müdaxilələrlə bağlı narazılıqların sayı artmaqdadır. Bəzi hallarda pasiyentlər həkim səhlənkarlığı və ya tibbi standartlara əməl olunmaması nəticəsində sağlamlıqlarına zərər dəyir. Belə hallarda həkimin, tibb işçisinin və ya tibb müəssisəsinin hansı hallarda hüquqi məsuliyyət daşıdığı, zərərçəkənin hüquqlarını necə müdafiə edə biləcəyi cəmiyyətdə ən çox maraq doğuran mövzulardandır.

Qanunsuz fəaliyyət göstərən və ya lisenziya tələblərinə əməl etməyən klinikalar üçün hansı hüquqi sanksiyalar nəzərdə tutulur?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, qanunsuz fəaliyyət göstərən və ya lisenziya tələblərinə əməl etməyən klinikalar qanunvericiliyə uyğun olaraq inzibati, mülki və bəzi hallarda cinayət məsuliyyəti daşıya bilərlər:

“Tibbi fəaliyyət üçün tələb olunan lisenziya olmadan xidmət göstərilməsi, lisenziya şərtlərinin pozulması, sanitariya və təhlükəsizlik normalarına əməl edilməməsi, eləcə də pasiyentlərin hüquqlarının pozulması səlahiyyətli dövlət orqanları tərəfindən yoxlanılaraq hüquqi qiymətləndirilir. Belə hallarda qanunvericilik çərçivəsində klinikaya inzibati cərimələr tətbiq oluna, fəaliyyətinin müvəqqəti dayandırılması və ya lisenziyasının ləğv edilməsi barədə qərar qəbul oluna bilər”.

Hüquqşünas əlavə edib ki, əgər qanunsuz fəaliyyət nəticəsində pasiyentin sağlamlığına ağır zərər dəyərsə və ya ölüm baş verərsə, təqsirli şəxslər barəsində cinayət məsuliyyəti məsələsi də gündəmə gələ bilər:

“Zərərçəkən pasiyent isə məhkəmə qaydasında maddi və mənəvi ziyanın ödənilməsini tələb edə, habelə aidiyyəti dövlət qurumlarına şikayət etməklə hüquqlarının müdafiəsinə nail ola bilər. Belə mübahisələrdə tibbi sənədlərin, ekspertiza rəylərinin və digər sübutların toplanması xüsusi əhəmiyyət daşıyır. Buna görə də hüquqların effektiv müdafiəsi üçün hər bir hadisənin konkret faktları əsasında hüquqi qiymətləndirmə aparılması vacibdir”.

Qeyd edək ki, ötən günlərdə əməliyyat otağından kənar şəraitdə həyata keçirilən liposaksiya( bədən şəkilləndirmə) əməliyyatının görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda tibbi prosedurun anesteziyasız aparıldığı, əməliyyat olunan şəxsin isə ağrılar içində olduğu görünür. Görüntülərdə əməliyyatı icra edilən zaman birinin xəstənin əlini tutduğu, digər iki nəfərin isə söhbət edib gülərək proseduru davam etdirdiyi əks olunub.
{paylas}