Bakı Baş Səhiyyə Mərkəzinin Statistika şöbəsinin keçmiş müdiri İradə İsmayılova ilə bağlı redaksiyamıza daxil olan məlumatlar dövlət səhiyyə sistemində kadr siyasəti və maliyyə münasibətlərinin şəffaflığı ilə bağlı ciddi suallar yaradır.
Redaksiyaya təqdim edilən məlumatlarda iddia olunur ki, İradə İsmayılova uzun müddət Bakı Baş Səhiyyə Mərkəzində mühüm təsir imkanlarına malik olub və müxtəlif dövrlərdə kadr məsələlərinə təsir göstərib. İddialara görə, TƏBİB rəhbərliyində aparılan dəyişikliklərdən və Bakı Baş Səhiyyə Mərkəzinə Nərgiz Şərifovanın direktor vəzifəsinin icrasının həvalə edilməsindən sonra da o, müəyyən müddət fəaliyyətini əvvəlki təsir imkanları ilə davam etdirə bilib.Mənbənin Mediatvaz.com-a bildirdiyinə görə, həmin dövrdə ayrı-ayrı poliklinikalara baş həkimlərin təyin olunması prosesində onun müəyyən maraqlar çərçivəsində iştirak etdiyi iddia edilir. Lakin bu iddiaların təsdiqini tapması üçün müvafiq sənədlərin, təyinat əmrlərinin, xidməti araşdırma materiallarının və rəsmi izahatların təqdim olunması zəruridir. Redaksiyaya daxil olan digər məlumat isə maliyyə xarakterlidir. İddialara əsasən, İradə İsmayılovanın yaxınlarından birinə məxsus olduğu bildirilən Kapital Bank hesab nömrəsi bəzi poliklinika rəhbərlərində olub və müxtəlif vaxtlarda həmin hesaba pul köçürmələri edildiyi iddia olunur. Həmçinin iddialarda qeyd edilir ki, yeni rəhbərlik bu barədə məlumat əldə etdikdən sonra onun vəzifədən kənarlaşdırılması qərarı verilib.Bu iddialar təsdiqini tapacağı təqdirdə, söhbət təkcə etik davranış qaydalarının pozulmasından deyil, həm də dövlət səhiyyə müəssisələrində maraqlar toqquşması, korrupsiya riskləri və vəzifə səlahiyyətlərindən mümkün sui-istifadə ehtimallarından gedə bilər.Redaksiya hesab edir ki, aşağıdakı suallara rəsmi cavab verilməsi ictimai maraq baxımından vacibdir:İradə İsmayılovanın vəzifədən azad edilməsinin rəsmi səbəbi nə olub,onun fəaliyyəti ilə bağlı xidməti araşdırma aparılıbmı,aparılıbsa araşdırmanın nəticələri necə olub,poliklinikalara baş həkimlərin təyinatı zamanı hər hansı kənar müdaxilə ilə bağlı fakt müəyyən edilibmi,bu məsələ ilə əlaqədar hər hansı hüquqi qərar və ya prosessual tədbir görülübmü? Yazıda qeyd olunan məlumatlar redaksiyaya daxil olmuş iddialara əsaslanır və onların hamısı müvafiq dövlət orqanlarının araşdırması ilə təsdiqlənə və ya təkzib oluna bilər. Redaksiya TƏBİB-in, Bakı Baş Səhiyyə Mərkəzinin və İradə İsmayılovanın mövqeyini dərc etməyə hazır olduğunu bildirir. Qarşı tərəfin təqdim edəcəyi cavab və ya təkzib olduğu halda, olduğu kimi yayımlanacaq.//mediatvaz.com